Oktyabrın 14–də Nizami Kino Mərkəzində azərbaycanlı rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi nümayiş olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə nümayiş olunan ekran əsəri “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin himayəsində olan uşaqlara təqdim edilib.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edən “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
Nümayişdən sonra valideynlər və uşaqlar kinomərkəzin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildirib və filmi bəyəndiklərini söyləyiblər.
azertag.az