Əməkdar Artistin yeni musiqi albomu işıq üzü görüb
17.10.2016

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının solisti, Əməkdar Artist Teyyub Aslanovun yeni musiqi albomu muğamsevərlərin ixtiyarına verilib.

“Aman təklik əlindən” adlı albomda eyniadlı xalq mahnısı, “Bayatı Kürd” muğamı, “Bayatı Şiraz” təsnifi, “Mahur” kompozisiyası ilə yanaşı, bəstəsi Polad Bülbüloğluna məxsus “Dilin can incidəndir” mahnısı da yer alıb. Nəfis tərtibatlı albomda xanəndəni Əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət edib.

Özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomu muğam irsimizə töhfə ilə yanaşı, musiqisevərlərə də xoş anlar bəxş edəcək.

Qeyd edək ki, yaxın aylarda Teyyub Aslanov pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış edəcək.

azertag.az