“Mənim rəsmim” adlı müsabiqənin nəticələri açıqlanıb
18.10.2016

Oktyabrın 17-də Bakıda “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

“Park Bulvar”da gerçəkləşən tədbir Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Ümumdünya Uşaqların Müdafiəsi Gününə həsr olunmuş müsabiqə milli naxışlara və ornamentlərə olan marağın artırılmasına yönəlib.

Tədbirdə layihənin rəhbəri Rəsminə Qürbətova bildirib ki, qısa zamanda iştirakçıların qəlbinə yol tapan müsabiqə milli irsimizə və dəyərlərimizə olan böyük sevginin göstəricisidir.

“Müsabiqənin məqsədi balaca fırça ustalarının və gələcək dizaynerlərin ornamentlərə maraqlarını artırmaq, milli naxışlarımızın tarixi dəyərlərini gələcək işlər üçün ilham mənbəyinə çevirməkdən ibarətdir”, - deyə R.Qürbətova bildirib.

Qeyd edək ki, müsabiqədə 6-15 yaşarası uşaqlar iştirak edib. İştirakçılar 3 yaş kateqoriyası üzrə (6-8, 9-12, 13-15) və hər kateqoriyadan bir nəfər qalib olmaqla seçiliblər. Qaliblər bir sıra diplom və hədiyyələrlə mükafatlandırılıb.

azertag.az