Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesi əsasında hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə səhnəyə qoyulub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemət, musiqi tərtibatçısı bəstəkar, Xalq Artisti Səyavuş Kərimidir.
Səhnə əsərində Ağa Məhəmməd Şah Qacar rolunu Xalq Artisti Fuad Poladov canlandırıb. Tamaşada digər rolları Xalq Artisti Laləzar Mustafayeva, Əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov, Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa ediblər.
Gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir.
Səhnə əsərində Qacar, həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran bir insan obrazı kimi təsvir olunur. Həmişə olduğu kimi bu dəfə də tamaşa maraqla qarşılanıb.
azertag.az