Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-16-da Polşada səfərdə olub.
Azərbaycanın Polşadakı səfirliyindən bildirilib ki, nümayəndə heyəti Nadajında yerləşən II Yan Pavel adına Gimnaziyada bu ölkənin Milli Təhsil Gününə həsr olunan tədbirdə iştirak edib.
Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov hər iki ölkənin regionları arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, tədbirin iştirakçılarını azərbaycanlı həmkarları adından peşə bayramı münasibətilə təbrik edib.
Tədbirdən sonra nümayəndə heyəti gimnaziyanın ərazisində yerləşən və II Yan Pavelin ölkəmizə səfəri zamanı Azərbaycan və azərbaycanlılar haqqında dediyi sözlərin əks olunduğu abidənin önünə əklil qoyublar.
Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan və Polşanın regionları arasında, xüsusilə Xəzər rayonu ilə Pruşkov povyatı, Mərdəkan qəsəbəsi ilə Nadajın şəhəri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti, həmçinin Nadajında keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak edib.
azertag.az