Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsində idarəetmə sistemi ilə bağlı görüş keçirilib.
Görüşdə Fövqəladə Hallar Nazirliyinin tikinti təşkilatları ilə əlaqələndirmə və lisenziyaların verilməsinin təşkili şöbəsinin müdiri Fuad Sadıqov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında texniki tənzimlənmə üzrə Dövlət Nəzarət Xidmətinin rəisi Əbülfət İmanov iştirak ediblər.
UNEC-dən bildirilib ki, tədbirdə menecment sisteminin möhkəmləndirilməsində insan resurslarının hərəkətinin təşkili, təsərrüfat metodlarının tətbiqi, menecmentin beynəlxalq aspektləri, təşkilati münaqişələrin həlli yolları və digər məsələlərdən söz açılıb. Bundan əlavə, görüşdə Azərbaycan tikinti şirkətlərinin yeni idarəetmə paradiqmasının forma və prinsiplərinin təkmilləşdirilməsi istiqamətlərindən danışılıb.
Tədbir müzakirələrlə davam edib, sonda tələbələrin sualları cavablandırılıb.
azertag.az