Əlillərin ixtisaslaşmış bərpa müalicəsi sahəsində Ukrayna ilə əməkdaşlıq imkanları müzakirə olunub
18.10.2016

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Respublikasında səfərdə olub. Səfər əlillərin ixtisaslaşmış bərpa müalicəsində bu ölkənin sanator-müalicə müəssisələrinin imkanlarından istifadə ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə edilməsi məqsədini daşıyıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Ukrayna Respublikasında keçirilən görüşlər zamanı N.Məmmədov ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin kompleks tibbi-sosial və peşə reabilitasiyasının təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib. Nazir müavini əlillərin reabilitasiya potensiallarının reallaşdırılması üçün bərpa-müalicə sisteminin daim təkmilləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, əlillərin ölkə daxilində bərpa müalicəsi xidmətləri ilə təminatı ildən-ilə gücləndirilməklə yanaşı, onların xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri də davam etdirilir. Ötən il və cari ilin 9 ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə, səmərəli fizioterapevtik bərpa-müalicə üsullarının tətbiq edildiyi müəssisələrdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. N.Məmmədov bildirib ki, bu sahədə əlillərin reabilitasiyası üzrə uğurlu təcrübəyə malik müəssisələrin olduğu ölkələrlə əməkdaşlıq həyata keçirilir. Eyni zamanda ötən dövrdə əlillərin ixtisaslaşmış bərpa müalicəsi ilə bağlı Ukrayna ilə də əməkdaşlıq təcrübəsi vardır.

Görüşlər zamanı əlillərin reabilitasiyası sahəsində əməkdaşlığın davam etdirilməsi, əlillərin ixtisaslaşmış bərpa müalicəsi sahəsində Ukraynanın Truskavets kurort şəhərindəki sanator-müalicə müəssisələrinin imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib.

Nümayəndə heyəti Truskavets şəhərindəki sanator-müalicə müəssisələrində bərpa müalicəsi sahəsində mövcud olan şəraitlə, tətbiq olunan reabilitasiya proqramları ilə yaxından tanış olub.

azertag.az