Macarıstanda azərbaycanlı tələbələrlə görüş keçirilib
18.10.2016

Azərbaycanın Macarıstandakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüş Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul edilməsinin 25 illiyinə həsr olunub.

Görüşdə yalnız Budapeştdə deyil, Macarıstanın digər şəhərlərində də təhsil alan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan xalqının XX əsrin əvvəllərində və sonunda öz milli dövlətini qurmaq uğrunda mübarizəsinin yaddaqalan səhifələrindən bəhs edib. Diplomat bütün mövcud çətinliklərə, həllini tapmamış problemlərə baxmayaraq, dövlət müstəqilliyinin bərpasını XX əsrdə xalqımızın ən böyük qələbəsi, tarixi uğuru kimi dəyərləndirib. O, istər Macarıstanda, istərsə də dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gəncləri müstəqilliyin bəhrələrindən daha fəal şəkildə yararlanmağa, yüksək intellektə və milli təəssüb hissinə malik vətəndaşlar kimi yetişməyə çağırıb.

Tədbirin sonunda Budapeştdə qastrol səfərində olan tanınmış pianoçu Səidə Tağızadə dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

azertag.az