Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Xalq Artisti, teatrın solisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində reallaşacaq.
Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək. Digər partiyaları isə Əməkdar artistlər Təyyar Bayramov, Fəridə Məmmədova və Afaq Ağayeva canlandıracaq. Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb.
O, “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natəvan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio kimi obrazları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
azertag.az