Oktyabrın 18-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) və Milli Kulinariya Mərkəzinin birgə təşəbbüsü, Bakıdakı Yunus Əmrə İnstitutunun (YƏİ) və “Yallı” restoranının dəstəyi ilə “Ortaq mədəniyyətimiz Aşura” adlı tədbir keçirilib. Tədbirdə məhərrəm ayında bişirilən yeməklər haqqında müzakirələr aparılıb.
AMKA-nın prezidenti, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Bu ayın fəzilətlərindən söhbət açan T.Əmiraslanov bildirib ki, qədim, ortaq türk ənənələrinin əsasında bişirilən “Hədik” ilkin tarixi keçmişimizdən xəbər verir.
Tədbirdə YƏİ-nin müdiri İbrahim Yıldırım tədqiqatçı alimlər tərəfindən Nuh peyğəmbərin gəmisindən hədiyə qatılan ərzaqların aşkar edildiyini söyləyib. Qədim mədəniyyətə malik iki xalqın əxlaqında, mənəvi dəyərlərində, hətta mətbəxində də oxşarlıqların çox olduğunu bildirib.
Deyib ki, bu xörəyin hazırlanmasında azərbaycanlılar 7, türklər isə 12 növ ərzaqdan istifadə edirlər.
Peşəkar kulinarların bu günə qədər qoruyub, hifz edib gətirdikləri bu yemək növü həm də xalqlarımızın qədimliyinin simvolu kimi dəyərləndirilib.
Mədəniyyət, elm, incəsənət xadimlərinin də iştirak etdikləri tədbirdə bildirilib ki, “Hədik” türkçülüyün mərasim və mövsümi səciyyəli milli yemək növüdür.
Sonra müzakirələr çay süfrəsi arxasında davam etdirilib.
azertag.az