Azərbaycan Prezidenti İlham Əliyev “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi ilə tanış olmuşdur
28.9.2011

Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər nümayiş olunur.
Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.
Prezident İlham Əliyev dövlət proqramlarının idarə olunması mexanizminə baxdı. İqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən layihələr dövlətimizin başçısına ən müasir texnologiyalar əsasında təqdim edildi.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.