“Sözsüz” xüsusi mükafatla geri dönüb
19.10.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Vətənə dönüb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, heyət Litvanın Vilnüs və Visaginas şəhərlərində keçirilmiş “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.

Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin “Sözsüz” monotamaşası ilə çıxış edib. Rejissoru İsa Əsədovun quruluşunda təqdim olunan səhnə əsərində əsas obrazı aktyor Əməkdar Artist Şövqü Hüseynov canlandırıb.

Oktyabrın 11-dən 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.

Tamaşamız “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştiraka görə” diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.

Dünyanın bir sıra aparıcı ölkələrinin iştirak etdiyi festivalda yeni yaradıcılıq əlaqələri qurulub. Tamaşamız haqqında Litvanın əsas mətbu orqanı olan “Sugardas” qəzetində reportaj hazırlanıb və yerli televiziya kanalları vasitəsilə yayımlanıb.

azertag.az