Oktyabrın 18-də Bolqarıstanın mədəniyyət nazirinin müşaviri, professor Nikolay Ovçarov, bu ölkənin “Standart” qəzetinin baş redaktoru Slavka Buzukova və həmin mətbu orqanı redaktorunun müavini Yekatertina Nikolova Bakı Slavyan Universitetində (BSU) olublar.
BSU-dan bildiriblər ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq münasibətlərindən, elm və tələbə mübadiləsindən danışıb. Universitetdə bolqar dili və ədəbiyyatının yüksək səviyyədə tədris olunduğunu deyən rektor vurğulayıb ki, azərbaycanlı tələbələr Bolqarıstanın tarixinə, etnoqrafiyasına, iqtisadi və mədəni həyatına xüsusi maraq göstərirlər.
N.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanda quruculuq, təmir və tikinti işlərinə xüsusi diqqəti nəticəsində bu ölkəyə maraq artmaqdadır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, xalqımızın multikultural dəyərlərə önəm verməsinin, cəmiyyətdə tolerant münasibətlərin tam bərqərar olmasının parlaq nümunəsidir.
Azərbaycanın Bolqarıstan üçün dost və qardaş ölkə olduğunu deyən S.Bozukova dövlətlərimiz arasındakı səmimi münasibətlərin getdikcə dərinləşdiyini bildirib. Qeyd edilib ki, Bolqarıstanda fəaliyyət göstərən əksər universitetlər Azərbaycanın ali təhsil ocaqları, o cümlədən BSU ilə əməkdaşlıq etmək niyyətindədirlər.
Görüşdə iki ölkənin universitetləri arasında tələbə mübadiləsinin həyata keçirilməsinin və birgə tədqiqat işlərinin aparılmasının genişləndirilməsi barədə razılıq əldə olunub.
Sonra qonaqlar universitetdə fəaliyyət göstərən Bolqarıstan Dili və Ədəbiyyatı Mərkəzində olublar.
azertag.az