Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub
19.10.2016

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan tədbir keçirilib.

ADNSU-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edib.

Rektor dahi rəhbər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz rolunu vurğulayıb. Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan professor M.Babanlı Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini, ölkəmizin çox sürətlə tərəqqi etdiyini bildirib. Rektor elm, təhsil sahələrində də ürəkaçan nailiyyətlərin əldə edildiyini söyləyib.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov müasir müstəqil dövlətimizin banisi, müdrik şəxsiyyət Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. O, Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.

azertag.az