Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Nailə Məmmədova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi işıq üzü görüb.
BDU-dan bildiriblər ki, nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov, rəyçiləri professorlar Adil Babayev, Tofiq Hacıyev və Əbülfəz Rəcəblidir.
Dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrası tərəfindən, eyni zamanda, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün “Azərbaycan dili və nitq mədəniyyəti” dərs vəsaiti də çap olunub. Kafedranın dosenti Samirə Mərdanova, dosent əvəzi Şəlalə Abbasova və Xanımana Manaflının həmmüəllifliyi ilə çapdan çıxan dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel izah edilir, Azərbaycan ədəbi dili və normaları, natiqlik sənəti, onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunur.
azertag.az