Oktyabrın 18-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər arasında təşkil etdiyi “Vətənə əsgər olaq!” devizi altında kiçik çaplı silahdan güllə atıcılığı üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Komandalara namizədlər səkkiz gün davam edən seçmə yarışlar nəticəsində müəyyən olunub. Seçmə mərhələyə MMC-nin Sabunçu, Xətai, Nizami, Binəqədi və Nəsimi rayon filiallarından 300 müdavim cəlb edilib. Nəticədə ən yüksək atış qabiliyyətinə malik idmançıların yer aldığı 10 komanda Bakı şəhər birinciliyi uğrunda mübarizə aparıb. Hər komandada beş idmançı gücünü sınayıb.
Cəmiyyətin sədri Şahvələd Əliyev yarışı açıq elan edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu gün hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin möhkəmləndirdiyi, qüdrətli və peşəkar orduya malik müasir müstəqil Azərbaycan dövlətinin vətəndaşı olması ilə fəxr edir. MMC-nin həyata keçirdiyi tədbirlərdən danışan Ş.Əliyev qeyd edib ki, xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı ilə yanaşı, hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması da fəaliyyətin əsasını təşkil edir. O, belə yarışların müdavimlərin çağırışaqədərki hazırlıq səviyyəsini yoxlamağa və ordumuza töhfə verə biləcək sərrast atıcıları aşkara çıxarmağa imkan verdiyini bildirib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda MMC-nin Bakı şəhəri Nizami rayon filialının komandası 128 balla qalib gələrək yarışın qalibi olub. Sabunçu rayon filialının komandası 124 balla ikinci, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 123 balla üçüncü nəticə göstərib.
Komandalara və ən yüksək bal toplamış idmançılara MMC-nin diplomu, medal və qiymətli hədiyyələr verilib. Sabunçu rayon filialının müdavimi Seymur Zeynalov 300 müdavim arasında “Ən sərrast atıcı” fəxri diplomuna layiq görülüb.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.
azertag.az