Azərbaycan Turizm və Menecment Universitetində rus dili və alman dili həftələri keçirilib
19.10.2016

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dillər kafedrasında rus dili və alman dili həftələri keçirilib.

ATMU-dan bildiriblər ki, tədbirin əsas məqsədi rus və alman dillərinin tədrisi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.

“Rus dili həftəsi”ndə universitetin müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin nümayəndələri Lyubov Yakunina, Natiq Əliyev və başqaları iştirak ediblər.

L.Yakunina təmsil etdiyi qurumun ATMU ilə əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın rus dilinin tədrisinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

N.Əliyev mərkəzin köməyi ilə universitet tələbələri üçün Bakıda rus filmlərinin lentə alındığı yerlərə ekskursiya-dərslərinin təşkil olunacağını deyib.

Tədbirin bədii hissəsində ATMU-nun tələbələri rus dilində şeir və mahnılar ifa ediblər.

“Alman dili həftəsi”ndə universitetin müəllimləri üçün texniki vasitələrdən və yeni metodlardan istifadə edilməklə təlim keçirilib.

Tədbirdə alman dilinin tədrisi prosesində müasir metodların tətbiqinə dair bir sıra təkliflər və “Alman dili” divar qəzetinin buraxılması təklif olunub. Tədrisin səmərəli təşkilində vacib rol oynayan, vaxtaşırı keçirilən təlimlərin alman dili müəllimləri üçün də faydalı olacağı bildirilib.

azertag.az