Oktyabrın 19-da Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı İnna Kostinanın “İstidir, qaqaş” adlı fərdi sərgisinin açılışı olub.
İ.Kostina təqdim etdiyi rəsmlərdə özünəməxsusluğu və Şərq atmosferini çatdırır. Rəssam növbəti sərgisini “İstidir, qaqaş” adlandırmaqla xalq arasına “art-yürüş” etdiyini bildirib. “Qaqaş” sözü Azərbaycan dilində “qardaş” sözünün qısa formasıdır və əzizləyici məna daşıyır. Şifahi nitqdə bu müraciətdən tez-tez istifadə olunur.
Böyük maraqla qarşılanan sərgi noyabrın 19-dək davam edəcək.
İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə böyük maraq göstərməyə başlayıb. 1984-cü ildə Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirən İnna 1984-1989-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. İxtisasca bədii film və televiziya üzrə quruluşçu rəssamdır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq və kino fakültəsində dərs deyir. Rəssamlar İttifaqı və Respublika Kinematoqrafçılar İttifaqının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin laureatı, 250-dən çox sərginin iştirakçısıdır. O, fərqli üslubu ilə tanınır və “batik” texnikası ilə ipək üzərində rəsm işləyən ən yaxşı mütəxəssislərdən biridir.
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Rusiya Federasiyasının Tomsk vilayətinin İncəsənət Muzeyi, “Old Gallery” qalereyası, Gürcüstandakı Karvasla Muzey Mərkəzi və İtaliyadakı “Il Leone” İncəsənət Mərkəzində sərgilənir. Rəsm əsərlərinin çoxu Azərbaycanda və dünyanın 25-dən çox ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
azertag.az