Gənc Tamaşaçılar Teatrında “Aycan” tamaşası yeni quruluşda hazırlanır
20.10.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün ilk uşaq tamaşasının məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur.

Tamaşada rolları teatrın gənc və istedadlı aktyorları ifa edəcəklər.

Yeni tamaşanın noyabr ayının sonlarında təqdim olunması nəzərdə tutulur.

“Aycan” tamaşası ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnələşdirilib. Bundan başqa müəllifin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.

azertag.az