Xalq artisti Nəzakət Teymurova Londonu heyrətləndirməyi bacarıb.
Gün.Az xəbər verir ki, Azərbaycan xanəndəsi Londonda keçirilən ənənəvi WOMAD (“Dünya ölkələrinin musiqisi və rəqsləri”) Festivalında ölkəmizi təmsil edib.
İfa zamanı xalq artistini tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Şirzad Fətəliyev müşayiət ediblər.
Onu da qeyd edək ki, Azərbaycan sənətçisi festivala, musiqişünas Sənubər Bağırovanın təşəbbüsü ilə qatılıb.
BBC Radiosu vasitəsilə canlı yayımlanan festivalda xanəndəmizin bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq verib.
Belə ki, onun ifası böyük alqışlarla qarşılanıb.
Festivalı işıqlandıran xarici jurnalistlər, İngiltərə mətbuatı bu barədə geniş məlumatlar yazıb. Belə ki, telekanallar bu barədə materiallar hazırlayıb və bir çox nüfuzlu İngiltərə qəzetlərində məqalələr yer alıb.
Konsertdən sonra da xalq artistinə böyük maraq yaranıb və sənətçimiz bir neçə jurnal və qəzetlərə müsahibə verib.
Nəzərinizə çatdıraq ki, 30 il ərzində hər il iyul ayının axırlarında Londonun yaxınlığında yerləşən Viltşir şəhərciyində məşhur WOMAD (“Dünya ölkələrinin musiqisi və rəqsləri”) festivalı keçirilir. Bu il həmin festivala Nəzakət Teymurova dəvət olunub.
Qeyd edək ki, xanəndənin “WOMAD”dəki çıxışını təşkil edən YUNESKO-nun eksperti Sənubər Bağırovanın poçtuna gələn ilk rəylər Nəzakət Teymurovanın böyük uğurunu təsdiqləyib. Həmçinin İngiltərənin ən nüfuzlu qəzetlərindən sayılan “London Evening Standard” qəzetində Samon Broutonun imzasında sənətçimiz haqqında belə yazılıb:
“Ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi” /The most profound vocals came from azerbaijanian`s Nazaket Teymurova/.
İngilis dinləyicisi Culian Le Bas-ın BBC Radio 3-ə və S.Bağırovaya ünvanlanan məktubunda da sənətçimiz haqqında xoş fikirlər səslənib:
“Nəzakət Teymurovanın və onun ansamblının qeyri-adi çıxışına mənim reaksiyama gəldikdə isə, bu bir möcüzə idi! Musiqi mənə o qədər dərin təsir edib ki, mən özümü lap əvvəl andan onun cazibəsi altında hiss edirdim”.
Məktubda həmçinin Culian Le Bas son musiqi nömrələri ifa olunarkən göz yaşlarını saxlaya bilmədiyini də vurğulayıb.
Diqqətinizə çatdıraq ki, festivalın ən uğurlu çıxışlarından Hind, Finlandiya və Azərbaycan musiqiçilərinin çıxışları xüsusi vurğulanıb.
Bundan əlavə xalq artistimiz Londonun Mərkəzi Kitabxanasına da dəvət olunub. Londonun Mərkəzi kitabxanasında olarkən xanəndə öz disklərini kitabxanaya hədiyyə edib. İngilis oxucuları görüş zamanı bu hədiyyənin onlar üçün böyük əhəmiyyət daşıdıqlarını dilə gətiriblər.
Məlumat üçün onu da qeyd edək ki, N.Teymurova ilk dəfədir ki, İngiltərədə qastrol səfərində olub. Xalq artistimizin ifası, çıxışı o qədər ingilisləri heyrətləndirib ki, Nəzakət Teymurova artıq bir neçə konsert təklifi alıb. Nəzakət Teymurova bu təklifləri dəyərləndirdikdən sonra İngiltərənin bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.
Gün.Az