Oktyabrın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə Dünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildiriblər ki, tədbiri Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov açıb. O, təhlükəsiz və rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə ətraflı məlumat verib.
“Dünyada baş verən iqlim dəyişikliyi torpaqların şoranlaşmasına, əkinəyararlı torpaqların, həmçinin ərzaq məhsullarının istehsalının azalmasına gətirib çıxarıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanda aqrar sahənin inkişafı, bu sahədə aparılan islahatların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması sahəsində dövlət tərəfindən son illər mühüm tədbirlər həyata keçirilir”, - deyə Azər Süleymanov bildirib.
FAO-nun baş direktoru Jose Qratsiano da Silvanın əlamətdar günlə əlaqədar mesajını tədbir iştirakçılarına çatdıran FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Dünya Ərzaq Gününün mahiyyəti, təşkilatın qarşıya qoyduğu məqsədlər və ölkəmizdəki fəaliyyəti ilə bağlı çıxış edib.
FAO-nun Avropa və Mərkəzi Asiya regionu üzrə iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması və enerji sahəsində koordinatoru Reuben Sessa, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktor müavini Şəlalə Zeynalova müvafiq olaraq “İqlim dəyişikliyi və kənd təsərrüfatı”, “Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması çağırışları” və “Heyvan sağlamlığına iqlim dəyişikliyinin təsiri” mövzularında təqdimatlar ediblər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, tədbirdə iştirak edən 283 saylı orta məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə səfər təşkil olunub.
azertag.az