Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub
20.10.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Respublikasının ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş olub. Görüşdə əlilliyi olan şəxslərin Ukraynada ixtisaslaşmış bərpa müalicəsinin təşkili məsələləri müzakirə olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Ukrayna ilə aidiyyəti iş sahələrində əməkdaşlıqdan bəhs edib. O, respublikamızda əlillərin tibbi-sosial reabilitasiyası sahəsində görülən işlərin bir istiqamətinin də onların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkil edilməsi olduğunu bildirib.

N.Məmmədov bu günlərdə nazirliyin nümayəndə heyətinin Ukraynaya səfəri zamanı əlillərin reabilitasiyası ilə bağlı həmin ölkədə mövcud imkanların öyrənildiyini, tətbiq olunan reabilitasiya proqramlarının nəzərdən keçirildiyini, reabilitasiya sahəsində əməkdaşlığa dair müzakirələrin aparıldığını qeyd edib.

Görüşdə əlillərin Ukraynanın Truskavets kurort şəhərindəki sanator-müalicə müəssisələrində bərpa müalicə kursunun təşkili ilə bağlı əməkdaşlığın həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

azertag.az