Məcid Xudabəxş: "Ərdəbilin və Sumqayıtın qardaşlaşmış şəhərlər olmasını istəyirik"
20.10.2016

İranın Ərdəbil ostanı Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Bu barədə İranın Ərdəbil ostanın valisi Məcid Xudabəxş mətbuat konfransında bildirib.
Azərbaycan-İran münasibətləri haqqında danışan M.Xudabəxş son 3 ildə iki ölkə prezidentinin 7 dəfə görüşdüklərini xatırladıb: "Bu, əlaqələrimizə olan marağı göstərir."
O, Ərdəbil və Azərbaycan arasında ticarət dövriyyəsinin ötən il ərzində 55 faiz artdığını və 57 milyon dollar təşkil etdiyini vurğulayıb.
Vali qeyd edib ki, Azərbaycana səfəri zamanı Ərdəbildən olan nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşündə əlavə, iqtisadiyyat və sənaye naziri, kənd təsərrüfatı naziri və fövqəladə hallar naziri ilə görüşüb: "Biz həmçinin Sumqayıtda olduq və icra hakimiyyətinin başçısı ilə görüşdük. Ərdəbil və Sumqayıtın qardaşlaşmış şəhərlər olmasını istəyirik. Metallurgiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Biz Azərbaycana kartof ixrac edə bilərik".
Vali səfər çərçivəsində energetika sahəsində əməkdaşlıq məsələsinin müzakirə olunduğunu bildirib: "Bizdə isti termal mənbələr var ki, onlardan istifadə etməklə elektrik enerjisi hasil oluna bilər. Azərbaycan Bakı və ya Naxçıvan üçün bizdən elektrik enerjisi ala bilər".
O, həmçinin tibb və səhiyyə və turizm sahələrində əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib.

report.az