UEFA Avropa Liqası: “Qarabağ” bu mövsüm qrup mərhələsində ilk qələbəsini qazanıb
21.10.2016

Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “PAOK” klubu ilə qarşılaşıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

“Qarabağ” matça hücumlarla başlayıb. İsrailli baş hakim Alon Yefetin rəhbərliyi görüşün 10-cu dəqiqəsində “Qarabağ” hesabı açmaq imkanı əldə etsə də, Muarem Muarem bu şansı dəyərləndirə bilməyib. 18-ci dəqiqədə isə Dino Ndlovunun zərbəsi “doqquzluq”dan dönüb.

İlk hissədə əks-hücumla təmsilçimizi yaxalayan qonaqlar da bir epizodda qola yaxın olub. Lakin qapıçı İbrahim Şehiç zərbəni dəf etməyi bacarıb.

Qurban Qurbanovun yetirmələri ilk 45 dəqiqədə oyuna hakim olsa da, ilk hissədə hesab açılmayıb.

İkinci hissəyə də təmsilçimiz oyuna eyni templə başlayıb. Nəhayət qarşılaşmanın 56-cı dəqiqəsində oyunda hesab açılıb. “Qarabağ”ın heyətində Dani Kintana Maksim Medvedevin ideal ötürməsi ilə adını tabloya yazdırıb – 1:0.

Buraxılan qoldan sonra rəqib komanda irəli atılaraq hesabı bərabərləşdirməyə cəhd göstərib. PAOK-un bu həmlələrinə əks hücumla cavab verən “Qarabağ” 87-ci dəqiqədə qalibiyyət qolunu vurub. Rahid Əmirquliyev hesab arasında fərqi ikiyə çatdırıb -2:0.

Beləliklə, üçüncü turu qələbə ilə başa vuran “Qarabağ” aktivinə 4-cü xalı yazdırıb və 2-ci 3-cü pilləni bölüşdürür. “J” qrupunda keçirilən digər görüşdə isə İtaliyanın “Fiorentina” klubu Çexiyada “Slovan”ı 3:1 hesabı ilə məğlub edib və 7 xalla qrupda liderliyi ələ keçirib.

azertag.az