FHN-in Muğan Regional Mərkəzi rayon müşavirəsi keçirib
21.10.2016

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi nazirliyin digər qurumlarının iştirakı ilə Salyan Rayon İcra Hakimiyyətinin akt zalında “İnsanların təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-dən bildiriblər ki, müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, Salyan rayon fövqəladə hallar komissiyasının üzvləri, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti ısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Etibar Hüseynov gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Mərkəzin əməkdaşları FHN-in respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlərdən, fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açıb, icra strukturları ilə mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Salyan rayon ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş olunub, mövcud problemlər diqqətə çatdırılıb. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların təyinatının qeyri-qanuni dəyişdirilərək, süni göllər yaradıb qanunsuz balıqçılıq təsərrüfatlarına çevrilməsinin gələcəkdə yarada biləcəyi çoxsaylı problemlər geniş müzakirə olunub.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınıb.

azertag.az