Oktyabrın 17-19-da Türkiyə Respublikası Prezidentinin himayəsi altında Beynəlxalq İstanbul Hüquq Konqresi keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş konqresdə 40-dək ölkədən 1100-dən çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Konstitusiya və Ali məhkəmələrin sədrləri, baş prokurorlar, ədliyyə akademiyalarının rəhbərləri, tanınmış hüquqşünaslar və alimlər iştirak ediblər.
Qardaş ölkənin ədliyyə naziri Bekir Bozdağın dəvətinə əsasən bu mötəbər tədbirdə Azərbaycanı respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Konqresin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Ali Şurasının sədri B.Bozdağ giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bu mötəbər forumun müxtəlif dövlətlərdə yaşanan hüquq problemlərinin həllinə dair faydalı müzakirələrin və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətini qeyd edib.
Sonra Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək iştirakçıları salamlayıb və konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Nazir F.Məmmədov Türkiyədə yaşanan 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması üçün türk xalqının öz Prezidentinin ətrafında sıx birləşdiyini və bu tarixi sınaqdan şərəflə çıxdığını, bununla da ölkəsinin demokratik gələcəyini təmin etdiyini vurğulayıb. O, Azərbaycan xalqının və Prezidentinin bu ağır günlərdə türk xalqının yanında olduğunu və hər cür dəstək göstərdiyini xüsusi qeyd edib.
Bu günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıran nazir təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən məhkəmə-hüquq islahatları, o cümlədən Məhkəmə-Hüquq Şurasının yaradılmaqla məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, müasir məhkəmə infrastrukturunun formalaşdırılması və digər mütərəqqi təcrübəmiz barədə məlumat verib. Hakimlərin tədrisinə toxunan nazir qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə Azərbaycanda hakimliyə bütün namizədlərin Türkiyədə təlim keçdiyi məmnunluqla qeyd edib.
Eyni zamanda, iştirakçıların diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.
Çıxışın müxtəlif dillərdə mətni tədbir iştirakçılarına paylanılıb.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin qarşısının millətin qəhrəmanlığı sayəsində alındığını və bu mübarizədə hüquqa uyğun addımların atıldığını bildirib, ölkəsinin terrora qarşı bundan sonra da əzmlə mübarizə aparacağını vurğulayıb.
O, Beynəlxalq İstanbul Hüquq Konqresinin təşkilinin hüquqi sahədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini, Türkiyədə aparılan məhkəmə və hüquq islahatlarının müsbət nəticələrini qeyd edib. Bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini bildirib, konqresin işinə uğurlar arzulayıb.
Çıxışdan sonra dövlət başçısı dəvət olunmuş rəhbər şəxslərlə xatirə şəkli çəkdirib.
Sonra konqres işini müxtəlif mövzular üzrə sessiyalarda davam etdirib.
Tədbirlərdə məhkəmə sisteminin səmərəliliyinin artırılması, aparılan islahatlar və müsbət təcrübələr, məhkəmələrdə müasir texnologiyaların tətbiqi və hakimlərin tədrisi, ədliyyə sahəsində əməkdaşlıq, habelə digər aktual məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrə fəal qatılaraq müxtəlif mövzularda çıxışlar ediblər. Xüsusilə Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanovanın konstitusional ədalət mühakiməsi üzrə çıxışı, habelə Azərbaycanda hakimlərin tədrisi ilə bağlı edilən təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konqres çərçivəsində Azərbaycan və Türkiyə ədliyyə nazirlərinin görüşü olub. Görüşdə dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Söhbət zamanı hüquqi sahədə əlaqələrin genişləndirilməsinin, hər iki dövlətdə mövcud olan yaxşı təcrübələrin qarşılıqlı öyrənilməsinin əhəmiyyəti qeyd edilib, faydalı fikir mübadiləsi aparılıb. Türkiyənin ədliyyə naziri ölkəmizin məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinə və müsbət təcrübəsinə maraq göstərib, bu sahədə islahatlarla tanışlıq məqsədilə onun Azərbaycana səfəri barədə razılıq əldə olunub.
Eyni zamanda, Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil ilə görüşlər keçirilib. Görüşlərdə türkiyəli həmsöhbətlər bu ilin aprelində Azərbaycana məhsuldar səfərlərini və keçirilən rəsmi görüşləri xatırladaraq, xüsusilə Prezident İlham Əliyev tərəfindən qəbul olunmalarından şərəf duyduqlarını bildiriblər. Həmçinin iki ölkə arasında əməkdaşlıq münasibətlərinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamına uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkəmizin hərtərəfli tərəqqisinə sevindiklərini vurğulayıblar.
Görüşlərdə məhkəmə-hüquq islahatları, hakimlərin tədrisi və əməkdaşlığın digər sahələri üzrə faydalı müzakirələr aparılıb.
Konqres çərçivəsində Azərbaycanın ədliyyə naziri Türkiyədə yaşayan azərbaycanlı müəllim və tələbələrlə görüşüb, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, o cümlədən ədliyyə və məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlər barədə onlara məlumat verib. Nazir ölkəmizdə uğurlu dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib, onların qayğıları ilə maraqlanıb, suallarına aydınlıq gətirib və təhsillərində uğurlar arzulayıb.
Konqres zamanı bir sıra dövlətlərin ədliyyə nazirləri və digər hüquq mühafizə orqanlarının, habelə məhkəmə təsisatlarının rəhbərləri ilə də işgüzar görüşlər keçirilib, əməkdaşlığa dair danışıqlar aparılıb.
azertag.az