Oktyabrın 19-da Yaponiyanın Kioto şəhərində Dünya İdman və Mədəniyyət Forumu işə başlayıb.
Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbirə 60 ölkədən 300-dən çox nümayəndə qatılıb. Tədbirdə Beynəlxalq Olimpiya və Paralimpiya komitələrinin, Beynəlxalq Reqbi Federasiyasının rəhbərləri də iştirak edirlər.
Forumda Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə daxildir.
Tədbirin ilk günündə qonaqlara idman yarışlarında mədəni proqramların təşkili, bu sahədə Yaponiyanın əldə etdiyi təcrübə barədə geniş məlumat verilib, mədəni və tarixi abidələrə ekskursiyalar təşkil olunub.
Tədbirin ikinci günü Tokionun məşhur əyləncə mərkəzi kimi tanınan Ropponqidə yerləşən “Hyat Grand” mehmanxanasında Forumun rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Yoşiro Mori bildirib ki, son illər keçirilən beynəlxalq idman yarışları öz məzmunu ilə yalnız idman sahəsində deyil, eyni zamanda, mədəniyyət və iqtisadiyyat sahələrində də əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir. Həmin tədbirlərin təşkilində dövlət və özəl sektorların birgə fəaliyyəti diqqəti daha çox cəlb edir.
Y. Mori vurğulayıb ki, Dünya İdman və Mədəniyyət Forumu 2019-cu il Dünya Reqbi Kuboku, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları və 2021-ci il Kansay Dünya Ustaları Oyunları ərəfəsində keçirilməklə bu yarışların yüksək səviyyəli təşkilinə töhfə verəcək.
Daha sonra çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven və digərləri qeyd ediblər ki, Forum çərçivəsində əsasən üç istiqamətdə aparılacaq müzakirələr dünya xalqları arasında yalnız idman sahəsində deyil, eyni zamanda, mədəni və iqtisadi əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olacaq. Dünya İqtisadi Forumunun dəstəyi ilə keçirilən bu yeni beynəlxalq tədbirdə idman yarışları zamanı biznes əlaqələrinin genişləndirilməsi yolları da müzakirə olunacaq.
Oktyabrın 21-də Forum işini panel iclaslarla davam etdirəcək.
azertag.az