Malayziyanın SSİG agentliyinin saytında Azərbaycanın Müstəqillik Günü barədə məqalə yerləşdirilib
21.10.2016

Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdindəki Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) internet saytında “Azərbaycan: Müstəqilliyin 25 ili” sərlövhəli məqalə dərc olunub.

Məqalədə oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 25-ci ildönümünün tamam olduğu qeyd edilib. Müasir Azərbaycan dövlətinin siyasi, sosial, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Ötən 25 ildə Azərbaycanın suveren dövlət kimi inkişafında nadir yol keçdiyi, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin regionun aparıcı dövlətlərindən birinə çevrildiyi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və digər irimiqyaslı strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr beynəlxalq tranzit mərkəzi kimi Azərbaycanın rolunu daha da artıracaq.

Məqalədə uğurlu siyasi islahatların nəticəsi olaraq, bu gün Azərbaycanın vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edildiyi, müasir və demokratik ölkə olduğu xüsusi vurğulanıb. Son bir neçə ildə Azərbaycanın iqtisadi artım sürətinə görə dünyanın lider ölkələrindən birinə çevrildiyi qeyd edilib. Həmçinin “ASAN xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, güzəştli şərtlərlə və digər layihələr üzrə aztəminatlı ailələrin mənzillə təmin edilməsi davamlı milli sosial siyasətin nəticəsi kimi qiymətləndirilib.

Məlumatda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunularaq, bu gün dövlətin əsas vəzifəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək olduğu, Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizinin işğal edildiyi, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb.

azertag.az