Bakıda beynəlxalq keramika üzrə duet-simpoziumun açılışı olub
21.10.2016

İçərişəhərdəki Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olub.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində gerçəkləşib. Duet-simpoziumda tanınmış azərbaycanlı keramika ustası Mirteymur Məmmədov, Moldovadan Valentin Rusunun iştirakı ilə baş tutub.

Layihənin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Duet-simpozium həm palçıq palitrasına, həm də palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutan Azərbaycanın qədim keramika istehsalı ənənələrini göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

Keramika əsasında hazırlanan heykəltəraşlıq işləri klassik və avanqard üslubunda və müxtəlif formalarda olmaqla yanaşı, iştirakçıların zövqünü oxşayıb.

Noyabrın 2-dək davam edəcək simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar - keramika ustaları dəvət olunacaq. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq. Sonda seçilmiş əsərlərdən ibarət sərginin təşkil olunması da nəzərdə tutulub.

azertag.az