“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib
21.10.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.
Tədbirdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Fondun icraçı direktoru Elçin Babayev, deputatlar və ziyalılar iştirak ediblər.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib ki, kitab bizim Qarabağda yaşamağımızın sübutu olan nəşrdir: "Nəşr gənclərin tariximizi öyrənməkdə misilsiz xidməti olacaq".
Qeyd olunub ki, müəllifləri Fəzayıl Vəilyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.
Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.

Tədbirdə həm də Qarabağ geyimləri nümayiş etdirilib.
Bundan başqaş tədbir zamanı Elmin İnkişafı Fondunun yeni internet portalının və Fond tərəfindən yaradılmış “e-Qrant” – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin - eksklüziv təqdimatı da baş tutub.
Sistem barədə məlumat verən Fondun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 2009-cu il 21 oktyabr tarixində yaradılmış Fond ötən 7 il ərzində yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Daima öz fəaliyyətini təkmilləşdirən Fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq “e-Qrant” şəklində reallaşdırılmasıdır.

report.az