“Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan növbəti kitab “Özbək ədəbiyyatı” (ədəbi portret cizgiləri, adaşdırmalar, müsahibələr) adlanır.
İmzası oxuculara çoxdan tanış olan zəhmətkeş alim, filologiya elmləri doktoru Almaz Ülvinin müəllifi olduğu bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri Almaz Ülvi bu kitabında bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının zəngin və rəngarəng ədəbi əlaqələr salnaməsinə yenidən nəzər salır. Kitabda özbək ədəbiyyatı ilə bağlı bütün tədqiqatlar eyni zamanda, Azərbaycan ədəbiyyatı ilə bağlılıqlar, ədəbi əlaqə və ədəbi təsir üzərində araşdırmalar öz əksini tapıb. Ə.Nəvai, XX əsr özbək klassikləri, eləcə də müasir dövrümüzü əhatə edən ustad alimlər və gənclik ədəbiyyatı haqqında olan portret cizgiləri, araşdırmalar, söhbətlər təqdim etdiyimiz kitabın əsasını təşkil edir. Kitabda müəllifin Nəvai izi ilə Daşkəndə, Herata olan səfər təəssüratları da maraqlıdır. Sonda verilmiş istifadə olunmuş ədəbiyyat siyahısı və müəllifin özbək ədəbiyyatı ilə bağlı yazdığı məqalələrin biblioqrafiyası da nəşrin elmi xarakter daşıdığına diqqəti yönəldir.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə professor Nüşabə Araslı və Özbəkistan Qəhrəmanı, professor Suyima Qəniyeva, redaktoru Özbəkistan Elmlər Akademiyasının Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun klassik ədəbiyyat şöbəsinin baş elmi işçisi Sırderyahan Utanovadır.
Akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də deyir: “ Nizami Adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvinin Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin çoxəsrlik inkişaf yolu, böyük sənətkarların sənət dostluğu, ideya birliyi haqqındakı tədqiqatlarında böyük ənənələrin zəngin təcrübəsini ümumiləşdirilməsinə və müasir vəzifələrin müəyyən edilməsinə gur işıq salır. Almaz Ülvi ölkəmizdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri üzrə tanınmış elm adamıdır. Azərbaycan ədəbiyyatına böyük sevgi, özbək ədəbiyyatına dərindən bələdlik, ortaq dəyərlərə böyük ehtiram Almaz Ülvinin əbədi əlaqələrdən bəhs edərkən ümumiləşmiş elmi qənaətlər əldə etməsinə imkan yaradır. Bundan başqa Almaz Ülvi ədəbi əlaqələrin az öyrənilmiş, hətta naməlum qalan qiymətli səhifələrinin açılmasına, araşdırılıb öyrənilməsinə xüsusi diqqət yetirdiyi üçün yeni söz deyə bilir. Bu mənada Almaz Ülvinin tədqiqatları ilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qiymətli salnaməsi daha da zənginləşir. Bu isə xalqlarımız və ölkələrimiz arasındakı çoxəsrlik qardaşlıq əlaqələrinin daha da möhkəmlənib inkişaf etməsinə xidmət edir. Bu ölkələrimiz üçün də dünya üçün də əhəmiyyətlidir”.
Kitaba 314 səhifədə yer alan “Əmir Əlişir Nəvai”, “Araşdırmalar, tədqiqatlar”, “Müsahibələr, söhbətlər” və “Səfər düşüncələri, yol qeydləri” bölmələrinin hər birində müəllifin zəhmətini, alim axtarışlarını görməmək mümkünsüzdür.
Özbək ədəbiyyatının böyük söz sərrafları haqqında Azərbaycan oxucusuna geniş və dolğun məlumat verməyə çalışan alim haqlı olaraq vurğulayır ki, Əlişir Nəvainin yazıb-yaratdığı illər özbək ədəbiyyatının, bütövlükdə türk ədəbi dilinin yüksəliş və ya qızıl dövrü, intibah dövrü sayılır. Alim özbək ədəbiyyatının, incəsənətinin, teatrının və ədəbiyyatşünaslığının ən dəyərli simalarından söz açmağı özünə borc bilir. Bu sırada Əbdürrauf Fitrət, Xalid Səid Xocayev, Həmzə Həkimzadə Niyazi, Abdulla Qədiri, Maqsud Şeyxzadə, Səidəxan Nərzullayeva, Aydın Hacıyeva və başqaları haqqında söz açır. Əsərin bir üstünlüyü də ondadır ki, alim Azərbaycan və özbək söz adamları haqqında tarixi faktların dili ilə doğmalıq, dostluq əlaqələrini ortaya qoyub. Nəvai və Nizami arasında başlanan bu dostluq körpüsü sonradan Füzulinin, Hüseyn Cavidin timsalında daha da genişlənərək bu günümüzə gəlib çatıb.
Kitabın maraqlı cəhətlərindən biri də Almaz Ülvinin alim olmaqla yanaşı, əsl publisist kimi özünü bir daha təsdiq etməsidir. Çoxlarına bəllidir ki, o, uzun illər “Ədəbiyyat və incəsənət” və “Xalq qəzet”lərində ədəbiyyatımızın, incəsənətimizin təbliği istiqamətində əsl cəfakeşlərdən biri kimi yorulmadan çalışıb. Məhz bu səbəbdən də kitabda yer alan “Səfər düşüncələri, yol qeydləri” bölməsindəki yazıları adam birnəfəsə oxuyur. Müəllif yazır: “Qalın buludların arasından sıyrılıb çıxanda artıq Daşkənd səmasındaydıq. Göy üzü apaydın idi. Yerə enəndə bəlli oldu ki, axşamdan başlayan güclü yağış yenicə kəsilmişdi. Topa və sıx buludlar selə-suya dönüb Daşkəndin küçələrinə səpələnmişdi. Bizi qarşılamağa gələn səfirlik əməkdaşlarını görəndə sevindim. Sanki, Bakıdan bura təyyarə ilə yox, arzularımın qanadında uçub gəlmişdim”.
Bəlkə də Almaz Ülvinin bu xeyirxah işi qarşıdakı illərdə neçə-neçə elmi əsərlərin, monoqrafiyaların yaranmasına, yeni-yeni dostluq, qardaşlıq əlaqələrinin qurulmasına təkan verəcək. Təki bütün kitablar xalqları, millətləri bir-birinə tanıtdırmağa və sevdirməyə xidmət etsin.
Kitabdan türk xalqları, xüsusən özbək ədəbiyyatı üzrə maraqlanan tələbələr, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər.
azertag.az