Brüssel Beynəlxalq Qadınlar Klubunun üzvləri Azərbaycandakı multikultural mühit haqqında məlumatlandırılıblar
21.10.2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq ölkəmizin Belçikadakı səfiri Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubunun üzvləri qarşısında təqdimatla çıxış edib.

Səfir Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq mühiti, ölkəmizin sivilizasiyaların kəsişdiyi məkanda tutduğu mövqe, beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, həmçinin Azərbaycanın geosiyasi mövqeyi, regionda baş verən proseslər və bu proseslərin ölkəmizə təsiri, tariximiz, müasir dövlətçiliyimizin keçdiyi inkişaf yolu haqqında danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə inandığını bildirib. Diplomat Azərbaycanın iqtisadi potensialı, iştirak etdiyi beynəlxalq enerji və infrastruktur layihələri, Bakının ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər, eləcə də ölkəmizin turizm imkanları barədə də danışıb.

Təqdimatdan sonra klub üzvlərinin Azərbaycanda mövcud olan multikulturalizm mühiti, təhsil sistemi, milli iqtisadiyyatın müxtəlif sahələri, ölkəmizə səyahət imkanları barədə sualları cavablandırılıb. Daha sonra Azərbaycanla bağlı film nümayiş etdirilib.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Növbəti ildə klubun tanışlıq səfərlərindən birinin də Azərbaycana təşkil edilməsi məsələsi müzakirə olunub.

Beynəlxalq Qadınlar Klubu bir çox Avropa ölkələrində fəaliyyət göstərir. Brüssel Beynəlxalq Qadınlar Klubu 1981-ci ildə yaradılıb. Klubun üzvləri müxtəlif ölkələri təmsil edirlər. Klub xeyriyyə tədbirlərinin, dərnək və kursların təşkili daxil olmaqla, müxtəlif sosial fəaliyyətlər həyata keçirir, tanışlıq məqsədilə Belçikanın daxilində, eləcə də xarici ölkələrə səfərlər təşkil edir.

azertag.az