Oktyabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Perronun məşhur “Qırmızıpapaq” tamaşasının premyerası keçirilib.
Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan, balacaların sevimli nağılı “Qırmızıpapaq” tamaşası yeni quruluşda nümayiş olunub. Klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirərək, ona tam fərqli prizmadan baxmağa çalışıb.
Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar Artist Vüqar Camalzadə olan tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov ifa ediblər.
Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa ediblər.
azertag.az