“Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçiriləcək. Layihə gənc donorlar və donorluğa marağı olan 14-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.
Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla baş tutacaq.
Düşərgə müddətində iştirakçılara ilk tibbi yardım, donorluq, şəbəkələşmə, start-up layihələr, layihələrin idarə olunması mövzularda təlimlər keçiriləcək.
Eyni zamanda düşərgə müddətində iştirakçılar ekstremal idman növləri haqqında məlumatlandırılacaq, Şamaxı rayonu ərazisinə ekskursiya olunacaq.
Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.
Layihədə iştirak etmək istəyən şəxslər 11.08.2012-ci il tarixinədək “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında www.ireli.az “Elanlar” bölməsində yerləşdirilən elektron müraciət formasını doldura bilərlər.
Qeyd edək ki, düşərgə iştirakçıları qeyd olunan müddət ərzində çadırlarda qalacaq və təlimlər açıq hava altında keçiriləcəkdir.
APA