Rusiyanın “Rossiya-24” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb.
26 dəqiqəlik “İşgüzar səyahət” verilişində Azərbaycanın inkişafı, turizm imkanları, zəngin tarixi-mədəni irsi, ölkəmizdə idman, mədəniyyət sahələrinə göstərilən qayğı, mətbəximiz barədə ətraflı məlumat verilir.
Veriliş aparıcı Andrey Şlyapnikovun Bakı haqqında fikirləri ilə başlayır. Paytaxtımızı “Kontrastlar şəhəri” adlandıran A.Şlyapnikov Bakının turizm məkanı kimi cəlbedici olması barədə danışır. Qeyd edir ki, son illərdə Bakıya gedən turistlərin sayı xeyli artıb. Bu da təsadüfi deyil.
Verilişin aparıcısının ölkəmizdə olduğu zaman getdiyi ilk yerlərdən biri İçərişəhər olub. O qeyd edir ki, İçərişəhər dünyanın dörd bir yanından gələn turistlər üçün zəngin təəssürat məkanıdır. “Burada sanki zaman donub”, - deyən aparıcı İçərişəhərdə bir çox filmlərin lentə alındığını xatırladır və qeyd edir ki, bu filmlərin arasında milyonlarla insanın sevdiyi “Brilyant əl” filmi də var. Məşhur epizodun çəkildiyi yerdə hər zaman turist tapmaq mümkündür.
Verilişdə rusiyalı turistlərin müsahibələri də yer alıb. Turistlər paytaxtımızın onlar üçün çox maraqlı məkan olduğunu bildirirlər.
Andrey Şlyapnikov Qız qalası haqqında da ətraflı məlumat verir, bu abidə ilə bağlı rəvayətlərdən danışır. O vurğulayır ki, əfsanələr şəhəri olan Bakıda minilliklərin ənənəsi yaşayır.
Verilişdə tamaşaçılara təndir çörəyinin hazırlanmasının sirləri açılır, bu çörəyin çox dadlı və ətirli olduğu qeyd edilir. Sonra Bakının müasir infrastrukturundan danışılır. Bildirilir ki, çoxəsrlik tarixi ilə yanaşı, paytaxtımızın geniş prospektləri, ideal yolları və müasir tikililəri də var.
Müəllif son dövrlərdə Bakıda təşkil edilən beynəlxalq tədbirlərə toxunur, bir müddət əvvəl paytaxtımızda Ümumdünya Şahmat Olimpiadasının keçirildiyini xatırladır, “Formula-1” yarışının yüksək səviyyədə təşkil edildiyini söyləyir. Qeyd edir ki, 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri də Bakıdır. “İndiyədək Bakıda bütün idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini nəzərə alsaq, bu yarış da Azərbaycanda yüksək səviyyədə təşkil ediləcək”, - deyən Andrey Şlyapnikov verilişdə birinci Avropa Oyunlarını da unutmur. O bildirir ki, tarixdə ilk dəfə Azərbaycanda keçirilən bu oyunlar üçün müasir idman infrastrukturu yaradıldı və oyunlar əsl idman bayramına çevrildi. Gələn il ölkəmizin 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi barədə məlumat verən jurnalist çəkiliş qrupu ilə birlikdə müxtəlif idman arenalarında idmançıların bu oyunlara hazırlığını da tamaşaçıların diqqətinə çatdırır. Müsahibələrində idmançılar onlar üçün yaradılan şəraitdən, ölkəmizdə bütün vətəndaşların idmana olan həvəsindən danışırlar. Tamaşaçılar göstərilən kadrlar vasitəsilə paytaxtla yanaşı, respublikanın hər yerində idmanın inkişafı üçün mühüm layihələrin icra edildiyinin, müasir idman infrastrukturunun yaradıldığının şahidi olurlar.
Verilişdə müasir Bakının rəmzlərindən birinə çevrilən Heydər Əliyev Mərkəzi barədə də məlumat verilir. Bu tikilinin öz əzəməti ilə qonaqların diqqətini cəlb etdiyi vurğulanır.
Tamaşaçılar üçün digər tanış məkan isə Qobustan dövlət tarixi-bədii qoruğudur. UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qoruğun turistlər tərəfindən böyük maraqla qarşılandığı bildirilir. Müəllif Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətinə də toxunur.
Andrey Şlyapnikov Qəbələyə səfər edərək bu ərazinin nadir təbiəti və qədim tarixi abidələri haqda danışır. Rayonun turistlər üçün çox cəlbedici məkan olduğu vurğulanan verilişdə Qəbələdə həm yayda, həm də qışda istirahət etmək üçün hərtərəfli imkanların mövcudluğu diqqətə çatdırılır. Bildirilir ki, Qəbələ ölkəmizin həm də mədəni mərkəzlərindən birinə çevrilib. Müəllif son dövrlərdə Qəbələdə təşkil edilən mötəbər beynəlxalq humanitar və mədəni tədbirlər barədə məlumat verir. Bu məkanın idman sahəsində yalnız eyniadlı futbol komandası ilə tanınmadığı vurğulanır, burada həm də müasir atıcılıq kompleksinin olduğu bildirilir.
Sonra Şəkiyə yollanan verilişin çəkiliş qrupu Şəkinin yalnız ipək, şirniyyatlar və dadlı təamlar ilə tanınmadığını, son illərdə bu rayonda bir-birindən maraqlı beynəlxalq mədəni tədbirlərin, festivalların keçirildiyini bildirir. Verilişdə Azərbaycanın mətbəxindən söhbət açılır, onun zəngin və çox dadlı olduğu bildirilir.
Çəkiliş qrupunun səyahət marşrutunda palçıq vulkanlarının olduğu ərazilər də yer alıb. Müəllif palçıq vulkanlarının bir çox sahələrdə istifadə edildiyini diqqətə çatdırır.
“Qalaaltı” müalicə-istirahət kompleksindən danışarkən jurnalist buraya Rusiyadan da çoxlu sayda turistin gəldiyini vurğulayır, bu kompleksin ən müasir səviyyədə yaradıldığını deyir.
Verilişdə “Şahdağ” qış-yay turizm kompleksinə də yer ayrılıb. İstər yayda, istərsə də qışda buraya gələn turistlərin çox razı qaldıqları bildirilir.
Ölkəmizin qədim İpək Yolunun bir hissəsi olduğunu deyən Andrey Şlyapnikov İsmayıllının Lahıc kəndinə yola düşür, buranı turistlər üçün nadir yer kimi xarakterizə edir. O, samovarın hazırlanmasından və Azərbaycanda hamının samovar çayını sevməsindən söhbət açır.
Verilişdə vurğulanır ki, azərbaycanlılar öz tarixlərini sevirlər və ənənələrinə sadiqdirlər. Min ildən artıq yaşı olan çövkən oyununa ölkəmizdə olan maraq bunu bir daha sübut edir.
Jurnalist məşhur Qarabağ atları və bu atların Kraliça II Elizabetin yubileyi münasibətilə keçirilən tədbirdə iştirakını vurğulayır.
Müəllifin toxunduğu daha bir mövzu isə ölkəmizdə neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsidir.
Veriliş bu fikirlə yekunlaşır: “Möhtəşəm idman tədbirləri, festivallar, qlobal forumlar, müasir kurortlarla yanaşı, azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti ölkəni turistlər, idman azarkeşləri və biznesmenlər üçün daha da cazibədar edir”.
azertag.az