Tbilisidə “Əli və Nino” filminin premyerası olub
24.10.2016

Oktyabrın 22-də Gürcüstanın paytaxtı Tbilisidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerası olub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Batumidəki baş konsul Rəşad İsmayılov, səfirliyin əməkdaşları, “SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin işçiləri, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tbilisi şəhərinin meri David Narmaniya, Türkiyə səfiri Zəki Ləvənt Gümrükçü, kino, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Mixail Georqadze vurğulayıb ki, filmin gürcü dilinə tərcümə olunması, qonşu və qardaş Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfədir. Nazir deyib: “Çox şadam ki, bu film gürcü dilinə tərcümə olunub və Tbilisidə tamaşaçılara təqdim olunur. Əminəm ki, bu hadisə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açacaq”.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn məlumat verib ki, Qurban Səidin eyniadlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir. Ekran əsərinin çəkilişləri Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustanda, Qubanın Xınalıq kəndində və başqa yerlərdə aparılıb.

Diplomat bildirib ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatı laureatı Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa tanınmış aktyorlar çəkiliblər.

Səfir A.Hüseyn jurnalistlərə müsahibəsində deyib: “Bu əsər Azərbaycan ilə Gürcüstanı birləşdirən qırmızı körpüdür. Filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olub. İnanıram ki, təkcə iki gəncin məhəbbətindən deyil, bütövlükdə bəşəri dəyərlərdən bəhs edən bu film dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Mixail Georqadze "Əli və Nino" filminin gürcü dilinə tərcümə olunmasını yüksək dəyərləndirərək deyib: “Bu ekran əsərində cərəyan edən hadisələr, eyni zamanda, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluğun, qardaşlığın göstəricisidir. Çox şadam ki, dünyada tanınan aktyorlar məhz Azərbaycan və gürcü xalqlarının dostluğunu canlandırıblar”.

“SOCAR Energy GAS” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, oktyabrın 5-də Bakı şəhərində premyerası olan bu film nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə böyük maraq doğurub. “Çox şadıq ki, bu gün film Tbilisidə gürcü dilində nümayiş olunur. Ümid edirəm ki, film gürcü kinosevərləri tərəfindən də bəyəniləcək”, - deyə M.Məmmədov qeyd edib. Onun sözlərinə görə, film başqa dillərə də tərcümə olunacaq.

“Əli və Nino” filmi oktyabrın 23-dən Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək.

azertag.az