Avqustun 8-də müasir Azərbaycan estradasının formalaşmasında məxsusi xidmətləri olmuş müğənni Akif İslamzadə ad gününü qeyd edir. 1948-ci ildə Bakıda anadan olmuş sənətkar Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsilə yiyələnsə də, sahib olduğu səs imkanları onu Rəşid Behbudov adına Mahnı Teatrına gətirir.
Uzun illər bu teatrda vokalçı kimi fəaliyyət göstərən İslamzadə, 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayır. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti kimi yaradıcılığını davam etdirir. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Oxuduğu "Aylı gecə", "Sari gəlin", "Bu gecə" və başqa mahnıları, musiqi tarixinə məhz onun adıyla möhürlənib.
Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
Akif İslamzadə Azərbaycanın xalq artisti, mərhum xanəndə Sara Qədimovanın oğludur.
Sevimli sənətkarımızı təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq!
Aylı Gecələr Oxuyur: Akif İslamzadə (Video)
Milli.Az