Oktyabrın 24-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının ildönümü ilə əlaqədar Monteneqronun Podqoritsa şəhərində anım mərasimi keçirilib.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin və diasporumuzun nümayəndələri Podqoritsa şəhərindəki Kral parkında Hüseyn Cavidin şərəfinə ucaldılmış büstün önünə tər çiçəklər qoyaraq xatirəsini hörmətlə yad ediblər.
Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa səyləri nəticəsində cənazəsi qürbətdən - uzaq Sibirdən Vətənə gətirilərək doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Prezident İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən gerçəkləşdirilib. 2013-cü il sentyabrın 11-də Monteneqronun Baş naziri Milo Cukanoviçin və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə büstün təntənəli açılış mərasimi keçirilib.
azertag.az