“LETO AMOR-2016” fotomüsabiqəsinə yekun vurulub
24.10.2016

Gənclərin yaradıcılıq imkanlarının inkişafına və həvəskar fotoqrafların peşəkarlığının artmasına kömək etmək məqsədi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə hər il “LETO AMOR-2016” fotomüsabiqəsi keçirilir.

Oktyabrın 23-də “Moskva Xoll” konsert salonunda müsabiqənin yekunları elan edilib. Azərbaycanın Gənclər və İdman Nazirliyinin köməyi ilə təşkil edilən müsabiqədə beş nominasiyada ən yaxşı fotoəsərlər qiymətli mükafatlarla qeyd edilib.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev “LETO AMOR-2016” müsabiqəsinə maraq göstərib, bura qatılan hər kəsə təşəkkür edərək deyib: “Biz xeyli fotoşəkil almışıq. Bu fotoşəkillərdən görünür ki, RAGB artıq geridə qalan yayın hətta ən qızmar günlərində belə Azərbaycanın müxtəlif guşələrində sizi müşayiət edib. Müstəqil münsiflər heyətiVətənimizin sürətlə dəyişən simasını, Azərbaycan təbiətinin bənzərsiz mənzərələrini, adət-ənənələrimizi göstərmək vəzifəsini daha dəqiq əks etdirən fotoşəkilləri seçmək üçün çətin iş görüb”.

Müsabiqənin yekunlarına əsasən, qaliblər müəyyən edilib. “Bakı - keçmiş, indi və gələcək” nominasiyasında birinci yeri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsi Pənah Pənahov tutub. “Doğma diyarım” nominasiyasında S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının tələbəsi Məhər Məhərrəmov fərqlənib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) və “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tələbələri Yelizaveta İvançukun və Pərvin Tağıyevanın fotoşəkilləri müvafiq olaraq “Müasir turizm” və “Adət-ənənələr” nominasiyalarında qalib gəlib. Moskva Şəhər Pedaqoji Universitetinin tələbəsi Fatimə Hümbətova “Milli mətbəx” nominasiyasında birinci yerə layiq görülüb. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Müsabiqənin qalibi, M.V.Lomonosov adına MDU-nun tələbəsi Yelizaveta İvançuk AZƏRTAC-ın müxbiri ilə söhbətində rusiyalı tələbələr qrupunun tərkibində Bakıya səfərindən söz açaraq deyib: “RAGB-ın sədri Leyla Əliyevanın dəvəti ilə bu ilin iyul ayında Bakıya getdik. Fəxri xiyabanı ziyarət etdik, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə çiçəklər qoyduq. Biz Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə də görüşdük. O, bizə səfirliyin fəaliyyətindən və Azərbaycanda təhsil proqramlarından danışaraq, tələbələrin suallarına cavab verdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşümüz isə ən unudulmaz təəssürat oldu. Leyla İlham qızı görüşün hər bir iştirakçısını şəxsən salamladı. Biz şəhərinizlə bağlı təəssüratlarımızı onunla bölüşdük. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətindən və xeyriyyəçilik işlərindən danışdı. Bakıda olan MDU-nun tələbələri Azərbaycanın qonaqpərvərliyini, mehribanlığını və zəngin mədəniyyətini heyranlıq və minnətdarlıq hissi ilə xatırlayırlar. Biz şadıq ki, MDU-nun Tələbə Şurasının Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə əməkdaşlığı tələbələrimizə fayda gətirir. Əminik ki, gələcəkdə daha maraqlı birgə layihələrimiz olacaq”.

Tədbirin sonunda “Qradski Xoll” teatrının solisti Emil Qədirovun, “Qolos. Deti - 3” müsabiqəsinin finalçısı Azər Nəsibovun və başqalarının iştirakı ilə əyləncəli konsert proqramı təqdim edilib.

azertag.az