Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
28.9.2011

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.
Forumun açılışında çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirdə mədəniyyətlərarası dialoq, gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənclərin mövcud konfliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.
Forumda azərbaycanlı gənclər, Rusiya Federasiyasının Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclər, gənclərlə işləyən dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
İki gün davam edəcək forumun proqramına plenar iclaslar, seksiyalar üzrə iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı ilə konsert də daxildir.