Özbəkistan Milli Akademik Dram Teatrında tanınmış şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycan və özbək xalqlarının böyük oğlu Maqsud Şeyxzadənin “Mirzə Uluqbey” əsəri yeni quruluşda tamaşaya qoyulub.
Tamaşada Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Əsəri Özbəkistanın əməkdar incəsənət xadimi Olimjon Salimov tamaşaya hazırlayıb, rəssamı Bəxtiyar Turayevdir.
Tamaşada əsas rolları Özbəkistanın Xalq artistləri Erkin Kamilov, Yayra Abdullayeva, Əməkdar artistlər Fatxulla Masudov, Bexzod Muxammadkarimov və Lola Eltoyeva oynayırlar.
Xatırladaq ki, Azərbaycanın Ağdaş rayonunda anadan olan tanınmış şair 1928-ci ildə Daşkəndə sürgün edilib və ömrünün axırınadək Özbəkistanda yaşayıb. O, jurnalist kimi fəaliyyət göstərib, sonra isə ömrünün sonuna qədər Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində müəllim işləyib.
Ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik seçilmiş əsərləri çap olunub.
Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistanın birinci Prezidenti İslam Kərimovun Fərmanına ilə “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunub.
azertag.az