Azərbaycan, Polşa, Ukrayna və Rusiyanın opera ulduzları “Karmen”də
25.10.2016

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə Karmenin partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Əməkdar Artist, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov, Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da səhnə əsərində çıxış üçün dəvət olunublar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Gülnaz İsmayılova, Səbinə Əsədova, solistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

azertag.az