Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərman imzalayıb. Fərmana əsasən 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilir. Bildirilir ki, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunur.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov Fərmanın vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini şərh edib.
Fərmanın Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamı olduğunu vurğulayan R.Qonaqov deyib: “QHT-lərin inkişafı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir. İki il əvvəl QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər var idi. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət maraqlarına və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır”.
Prezident İlham Əliyevin bu addımının QHT-lər tərəfindən layiqli qiymətləndirilməli olduğunu bildirən R.Qonaqov vurğulayıb ki, dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər var idi ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb, aidiyyəti üzrə təqdim edəcək. Yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin mövcud imkanlardan sui-istifadəsinin qarşısını alacaq.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin maraqlı olduğunu söyləyən BMAM-ın sədri deyib: “Biz hər zaman dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümkün deyil. QHT-lərin maliyyələşməsində, onlarla əməkdaşlığın qurulmasında, proqramların effektiv icra edilməsində dövlətin dəstəyi danılmazdır. Hazırda QHT-lərin qeydiyyatı ilə bağlı da problemlər tam aradan qaldırılmaqdadır. Bəzi xarici dairələrin Azərbaycanda QHT-lərin fəaliyyətinə dair tənqidi hesabatlarının əsl mahiyyəti bizə bəllidir. Bu tənqidlər daha çox siyasi xarakter daşıyır və həmin dairələrin Azərbaycanın gücünə, inkişafına olan qısqanc münasibətlərindən irəli gəlir”.
azertag.az