“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verib
25.10.2016

“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə daha bir sosial layihəyə start verib. Şirkətdən verilən məlumata görə, “Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının uğurla davam etdirilməsidir.

Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq “Təlim məktəbi” layihəsinin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.

Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensiallarını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcək.

“Təlim məktəbi” layihəsinin geniş ictimaiyyətə təqdimatı ilə əlaqədar olaraq təşkil edilmiş mətbuat konfransında çıxış edən “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğulayıb və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd edib.

“Azerfon” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov isə, öz növbəsində, layihədən bəhs edərkən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasından danışıb: "İnanıram ki, bu təlimlər, müxtəlif peşə sahibləri olacaq gənclər üçün həvəsləndirici motivasiya olacaq və onların gələcəkdə işlə təmin edilmələrinə xidmət edəcək. Onu da qeyd edim ki, “Nar” fiziki məhdudiyyətli şəxsləri işlə təmin edərək Azərbaycanın biznes mühitində belə bir nümunəni artıq göstərib. Nitq və eşitmə imkanları məhdud olan şəxslərə dəstək istiqamətində atılmış növbəti uğurlu addım olan “Təlim məktəbi” layihəsi bizi son dərəcə fərəhləndirir və biz gələcəkdə də bənzər layihələrə dəstək verməyə davam edəcəyik".

Artıq üç ildir ki, “Nar” nitq və eşitmə imkanları məhdud olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. “Təlim məktəbi” layihəsi bu xeyirxah ənənənin davamı olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərdən son dərəcə əhəmiyyətlidir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

trend