“Azərbaycan Hava Yolları” QSC (AZAL) “ADA” Universitetinin tələbələri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, tələbələr bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu “Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanış olublar.
Bundan sonra tələbələr regionda ən böyük logistik mərkəzi olan “Baku Cargo Terminal” yük terminalına baş çəkiblər.
“Silk Way Business Aviation” biznes-aviasiyası ekskursiyanın növbəti məntəqəsi olub. Burada tələbələr “Gulfstream business-jet” təyyarələri ilə tanış olublar.
Ekskursiya sərnişin təyyarəsini gəzməklə başa çatıb, həmçinin tələbələr pilot kabinəsində olmaq şansı əldə ediblər.
azertag.az