Bakının Neftçilər prospektinə asfaltın çəkilməsinə başlanılıb
8.8.2012

Bakı şəhərinin Neftçilər prospektində asfalt-beton örtüyünün salınmasına başlanılıb.

«Azəryolservis» ASC-yə istinadən verilən məlumata görə, artıq bir neçə gündür ki, prospektdə kommunikasiya xətləri üçün qazılmış xəndəklərin doldurulmasına başlanılıb. Bu gündən etibarən həyata keçirilən işlərlə yanaşı, kommunikasiya xətlərinin başa çatdırıldığı 250 metrlik məsafədə düzləndirici layın vurulması işləri gedir.

«İşlərin daha da sürətli aparılması məqsədi ilə kommunikasiya xətlərinin dəyişdirilməsi ilə paralel başa çatdırılan ərazilərdə asfalt-beton örtüyünün vurulması işləri də həyata keçiriləcək. Kifayət qədər işçi qüvvəsi və texnikanın səfərbər olunduğu prospektdə işlərin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur», - deyə ASC-nin məlumatında bildirilir.

Xatırladaq ki, iyulun 14-dən etibarən «Dalğa Plaza»nın qarşısından «Azneft» dairəsi ilə Azadlıq meydanınadək dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar iyulun 14-dən Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.

APA