Əbülfəs Qarayevdən təklif
26.10.2016

25 oktyabr 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Nazir Qətər Dövlətində keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, mədəniyyət günlərinin çox müsbət nəticələr verdiyini bildirmiş və hal-hazırda da iki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, eyni zamanda muzey, kitabxana və incəsənətin müxtəlif istiqamətlərində qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təklif edib.

Səfir qəbula görə nazir Ə.Qarayevə təşəkkürünü bildirmiş və Azərbaycanla Qətər Dövləti arasında yüksək əlaqələrin davamlı olacağına inamını ifadə edib.

Görüşün sonunda nazir Ə.Qarayev Qətər nümayəndə heyətini 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

trend