Sankt-Peterburqda süvari qoşun generalı, Rusiya İmperator ordusunun general-adyutantı Hüseyn xan Naxçıvanskinin abidəsinin özül daşının açılış mərasimi keçirilib. H.Naxçıvanskiyə Sankt-Peterburqda abidə ucaldılmasına dair layihə şəhər icra hakimiyyətinin dəstəyi ilə “Naxçıvan” Azərbaycanlıların Dostları Cəmiyyəti” Regional İctimai Birliyi tərəfindən icra olunur.
“Naxçıvan” Azərbaycanlıların Dostları Cəmiyyəti”ndən verilən məlumata görə, abidənin ucaldılması barədə qərar Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko tərəfindən 2015-ci il noyabrın 16-da imzalanıb. Abidənin müəllifləri heykəltəraş Boris Petrov və memar Gennadi Peyçevdir. Özül daşının açılış mərasimində Sankt-Peterburq şəhərinin ictimai və mədəniyyət xadimləri, alimlər, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və digər diasporların nümayəndələri iştirak ediblər.
Cəmiyyətin sədri İdris Qəhrəmanov həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq deyib: “Haqsız yerə unudulmuş qəhrəmanların hamısını tapmaq və adlarını əbədiləşdirmək lazımdır. Gələcək nəsillər yaşadığımız dünyada sülhün saxlanılması üçün vətənpərvər olmağın vacibliyini bilməlidir”.
Mərasimin aparıcısı, Viktor Konetski adına Dəniz Fondunun baş direktoru Tatyana Akulova-Konetskaya iştirakçılara Hüseyn xan Naxçıvanskinin böyük xidmətləri haqqında məlumat verərək bildirib ki, onun xatirəsini əbədiləşdirmək ideyasını ilk dəfə Rus Pravoslav Kilsəsi Yeparxiyası, iyerimonax Aleksiy (Qanjin) irəli sürüb.
Rusiyanın həmişə öz qəhrəmanları ilə tanındığını qeyd edən Sankt-Peterburqun və Rusiyanın Şimal-Qərb Regionunun müftisi Ravil Pançeyev deyib: “Bu abidə Rusiya Taxtına və Vətənə şərəflə, sədaqətlə və dürüst xidmət edən cəsur hərbçi, dini əqidəsinə görə müsəlman olan şəxsə ithaf olunub. Bu, Rusiyada mövcud olan ənənəvi dinlərə, o cümlədən İslama aid mənəvi dəyərlərin həmişə milli kimliyin təməli olmasına parlaq nümunədir. Bu gün həmin mənəvi dəyərlər Rusiya cəmiyyətinin mənəvi-əxlaqi yenilənməsinə xidmət edir”.
General-leytenant Aleksandr Volox Hüseyn xan Naxçıvanskinin şücaət, sədaqət və Vətənə vəfa nümunəsi olduğunu vurğulayaraq deyib ki, belə nümunələr kursant və zabitlərin gənc nəslinə əldə silah Vətəni qorumaq üçün şəxsi məsuliyyəti dərk etməyə imkan verir”.
Tarixçi, professor, kulturologiya doktoru, Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bir çox tarixi, o cümlədən “Qarabağ gündəliyi” və “Qarabağ qan girdabında” kimi monoqrafiyaların müəllifi Yuri Pompeyev H.Naxçıvanskiyə abidə ucaldılmasının tarixi əhəmiyyətindən danışaraq deyib: “Rusiya dövlətinin tarixi-hərbi yaddaşını qorumaq və haqsız yerə unudulmuş qəhrəmanların adları dirçəltmək çox vacibdir. Belə qəhrəmanlardan biri, əlbəttə, Azərbaycan xalqının igid oğlu Hüseyn xan Naxçıvanskidir”.
Tarixçi, Aleksandrovsk Tarix Cəmiyyətinin və “qırmızı terror” qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Milli İctimai Komitənin sədri Dmitri Matlin, rejissor və kinodramaturq, Rusiyanın Əməkdar İncəsənət Xadimi, “Nika” Milli Kinoakademiyasının və Petrovsk İncəsənət Akademiyasının həqiqi üzvü, Hüseyn xan Naxçıvanski haqqında “Şərəfli insan” filminin müəllifi Valentina Qurkalenko, Sankt-Peterburq Yeparxiyasının kilsə və cəmiyyətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri protoierey Aleksandr ata (Pelin), Sankt-Peterburqun Petroqrad rayonunun keşişi, Knyaz-Vladimirovsk kilsəsinin baş keşişi Vladimir ata (Sorokin) öz çıxışlarında layihənin əhəmiyyətini vurğulayıb və Hüseyn xan Naxçıvanskiyə abidə ucaldılmasının təşəbbüskarı və təşkilatçısı, “Naxçıvan” Azərbaycanlıların Dostları Cəmiyyəti”nin sədri İdris Qəhrəmanova minnətdarlıqlarını bildiriblər.
Sonra özül daşının təntənəli açılışı keçirilib. Daşın bürünc tərəfindəki kitabədə deyilir: “Bu yerdə rus-yapon və birinci Dünya müharibələrinin qəhrəmanı, süvari qoşun generalı, general-adyutant Hüseyn xan Naxçıvanskiyə - Taxta və Vətənə şərəflə, sədaqətlə və dürüst xidmət etmiş İmperator Rusiyasının sonuncu cəngavərlərindən birinə abidə ucaldılacaq!”
Qeyd edək ki, özül daşı Əlövsət Mövsümov tərəfindən hazırlanıb və Sankt-Peterburq şəhərinin Malaya Posadskaya küçəsindəki parkda, H.Naxçıvanskinin abidəsinin yerləşəcəyi yerdə qoyulub.
Hüseyn xan Naxçıvanski elit süvari qoşunlarına komandanlıq edib və tarix boyu Rusiya İmperator ordusunun yeganə müsəlman general-adyutantı olub. O, İrəvan quberniyasının nüfuzlu Naxçıvanski xan ailəsinə mənsub idi. 15 rus və 9 xarici dövlət mükafatı, o cümlədən 3-cü və 4-cü dərəcəli Müqəddəs Georgi döyüş ordenləri və “İgidliyə görə” Qızıl silahla təltif edilib. Ehtimala görə, 1919-ci ilin yanvarında bolşeviklər tərəfindən güllələnib.
azertag.az