Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj Bizenin “Karmen” operası nümayiş olunub.
Operada digər partiyaları Əməkdar artistlər Fərid Əliyev (Don Xose), Cahangir Qurbanov (Eskamilyo, ilk dəfə), İnara Babayeva (Mikaela) və başqaları ifa ediblər.
Oktyabrın 25-i görkəmli fransız bəstəkarlarından biri Jorj Bizenin doğum günü idi. Onun məşhur “Karmen” operası 1874-cü ildə yazılıb və haqlı olaraq Fransa realist operasının zirvəsi hesab edilir.
2016-cı il Fidan Hacıyeva üçün yubiley ilidir: onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmasından 20 il ötür. O, nadir vokal səsə (metso-soprano) və aktyorluq məharətinə malik xarizmalı sənətkardır. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda əsas partiyaları, o cümlədən Gülçöhrə, Asya (“Arşın mal alan”), Gülüş (“Sevil”), Azuçena (“Trubadur”), Amneris (“Aida”), Rozina (“Sevilya bərbəri”) və digər rolları ifa edib. O, həmçinin solo konsertlərlə çıxış edir.
Lakin eyniadlı operada Karmenin partiyası müğənninin yaradıcılığında xüsusi yer tutur. Təsadüfi deyil ki, Fidan xanımı “Səhnəmizin Karmeni” adlandırırlar.
F.Hacıyeva ilk musiqi təhsilini Bülbül adına musiqi məktəbinin fortepiano sinfində alıb. Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal sinfini bakalavr və magistr dərəcələri üzrə bitirib, aspiranturada təhsil alıb. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 1998-ci ildə İrina Arxipovanın ustad dərslərində iştirak edib. 2002-ci ildə Siyena şəhərində Kidci Musiqi Akademiyasının beynəlxalq müsabiqəsinin laureatı olub. Türkiyə və İtaliyada opera tamaşalarında çıxış edib.
2010-cu ilin sentyabr ayında İtaliyanın yerli teatrlarında çıxış etmək üçün keçirilən müsabiqədə qalib gəlib və İtaliya agentliklərindən biri ilə müqavilə bağlayıb.
2011-ci ilin may ayında Romada “Santa Seciliya” musiqi meydançasında, habelə “Auditorium Parco della Musica” kompleksində fortepianonun müşayiəti ilə (Zülfiyyə Sadıxova, Paolo Saracino) Azərbaycan və İtaliya operalarından parçalar ifa edib.
Fidan Hacıyeva yaradıcılığının çiçəklənməsi dövründədir və onu qarşıda bir çox maraqlı partiyalar, daha böyük yaradıcılıq uğurları gözləyir.
azertag.az