Londonda keçirilən Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Güləş yarışlarının dördüncü günü 48 kq çəkidə qadın güləşçimiz Mariya Stadnik 1/8 final mərhələsində mübarizəyə qoşulub.
İlk görüşündə Stadnikin rəqibi ABŞ güləşçisi Klarissa Kyoko Mey Linq Çun olub.
İlk hissəni öz xeyrinə (2:0) başa vuran təmsilçimiz ikinci hissədə də bu uğurunu təkrarlayaraq (3:0) növbəti mərhələyə vəsiqə qazanıb.
Stadnik 1/4 finalda Polşa idmançısı Nina Matkovska ilə qarşılaşıb. Azərbaycanın qadın güləşçisi birinci hissədə 2:0, ikinci hissədə isə 4:1 hesabı ilə qalib gələrək 1/2 final mərhələsinə yüksəlib.
Yarımfinalda 24 yaşlı Mariya Stadnik Ukrayna təmsilçisi İrini Merleni ilə qarşılaşıb. Qadın güləşçimiz birinci hissədə 1:0, ikinci hissədə isə 3:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Stadnik finalda yaponiyalı güləşçi Hitomi Obara ilə üz-üzə gəlib.
Güləşçimiz birinci hissədə 4:0 irəlidə olsa da, ikinci hissədə 1:0, üçüncü hissədə isə 2:0 hesabı ilə məğlub olub.
Finalda uduzan Stadnik Azərbaycana London olimpiadasında ikinci gümüş medalı qazandırıb.
trend.az